10 Aprel 2018 16:07
2 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Rac Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Rac Əlizadə etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozub.

O, digər sürücü Ələddin Şovqatovun idarə etdiyi “VAZ-21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ- 2106” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Ələddin Şovqatovun azyaşlı nəvəsi Müsab hadisə yerində vəfat edib.

Rac Əlizadənin sərnişini olan qayınanası, 1959-cu il təvəllüdlü Sevda Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu rayon Xəstəxanasında vəfat edib.

İstintaq sənədlərinə görə, baş verən qəza zamanı 28 yaşlı Lalə Behbudova, 38 yaşlı Rac Əliyev, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, 35 yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev, 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.

İttihama münasibət bildirən Rac Əlizadə özünü təqsirli bilib.

Daha sonra zərərçəkmişlər – Ələddin Şovqatov və Xamnət Quliyev şikayətçi olmadıqlarını bildiriblər. Nəvəsi ölən Ələddin Şovqatov “qəsdən öldürməyib ki, qəzadı” deyə bildirib. O, təqsirləndirilən şəxslə barışdığını deyib.

Ələddin Şövqatov qəza zamanı xəsarət alan digər ailə üzvlərinin müalicəsi üçün Rac Əlizadənin maddi yardım etmədiyini qeyd edib. Bildirib ki, Rac Əlizadənin özü kasıb adamdır, o nə kömək edəcək.

Məlum olub ki, lizinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə həvalə edib.

Elbrus Mirzəyev isə maşını etibarnamə olmadan idarə etməsi üçün Rac Əlizadəyə verib. Qəza zamanı lizinq şirkətinə dəyən 3550 manat maddi ziyan ödənilməyib.

Növbəti proses aprelin 16-da davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər