Bakıda xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elxan Xəlilov ifadə verib.
O, zərərçəkmiş Sənan Səmədovla eyni yerdə sürücü kimi çalışdığını bildirib: "Mən hadisə yerində olmamışam. Ora gələndə bir neçə adam var idi. Dedilər ki, Sənanı döyüblər. Təqsirləndirilən şəxslərdən heç kimi hadisə yerində görməmişəm. Hətta Sənanı da oradan aparmışdılar".
Hakim şahidə ifadəsi ilə bağlı sual verən zaman Rüstəm Orucovun vəkili Kamandar Nəsibov ona etiraz edib. Məhkəmə vəkilin etirazını qəbul etməyib və söyləyib ki, hakimin sualına düzəliş etmək lazım deyil.
Daha sonra məhkəmədə şahidin ilkin ifadəsi elan olunub. Qeyd edib ki, sonuncu dayanacağa gələn zaman Sənan Səmədov da ora gəlib: "Həmin vaxt avtomobildən 3 nəfər düşdü, Sənana yaxınlaşdı. Sonra onlardan biri Sənanı yumruqla vurdu".
Şahid Elçin Xəlilov bu barədə ifadə vermədiyini, müəyyən fikirlərin onun olmadığını söyləyib.
Hakim şahidə deyib ki, buna görə işi aparan müstəntiq məhkəməyə çağırılacaq və onunla üzləşmə aparılacaq.
Daha sonra digər şahid Elçin Ağayev dindirilib. O, ifadə verən zaman hadisə yerinə əvvəl Sənan Səmədovun gəldiyini, daha sonra Rüstəm Orucovun gəldiyini bildirib: "Rüstəm onu vurdu, digər iki nəfər isə Sənana su verdi".
Həmin şahidin də istintaqa verdiyi ifadəsi elan olunub. İfadə elan olunan zaman şahid kəskin etiraz edib və yazılanların ona aid olmadığını vurğulayıb.
Hakim şahid E.Ağayevin 200 manat məbləğində cərmə olunduğunu və bunun protokola qeyd edilməsini deyib. Şahid məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.
Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Pərviz Abbasov və Kənan Vəliyevin hər birinə 1 il 6 ay cəza kəsilib. Onlar məhkəmə zalında həbs ediliblər.
İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.
Rüstəm Orucov ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində işləmiş general-mayor Novruzəli Orucovun oğludur.
Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.