Bu gün Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Teleqraf.com-un xəbərinə görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Hər üç şəxs elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmədiyini deyib.
Daha sonra zərərçəkmiş Oqtay Əhmədovun vəkili İsmayıl Kəngərli zalda jurnalistin olmasına etiraz edib və işin içində ailə sirrinin olduğunu deyərək media nümayəndələrinin zaldan çıxarılmasını istəyib.
Prokuror da bu vəsatəti müdafiə edib. Elşən Əsgərlinin vəkili Ceyhun Yusifov isə buna etiraz edib. Hakim bildirib ki‚ məhkəmə prosesi açıq keçirildiyi üçün jurnalistlər zaldan çıxarıla bilməz.
Məhkəmərə zərərçəkmiş qismində tanınan yol polisi əməkdaşı Rəsul Ağayev ifadə verib. O söyləyib ki‚ xidmətdə olarkən yol kənarında “Porsche Cayenne” və “Porsche Panamera” markalı avtomobillərin dayanıb, sonra onlara yaxınlaşıb: "Bir müddət sonra gördük Elşən bizə tərəf qaçır‚ arxasıyca da 2-3 nəfər gəlir. Elşən çatıb bizə sığındı‚ digər şəxslər də bizim yanımıza çatanda dayandılar. Onlar Elşənlə bir-birini söyməyə başladılar. Həmin şəxslərin heç biri - nə Oqtay‚ nə əmisi‚ nə də Elşən əmrimizə tabe oldu. Biz də post-patrul çağırdıq‚ gəlib onları bölməyə apardılar. Məni təhqir etməyiblər‚ fiziki təzyiq‚ xəsarət də yetirməyiblər. Sadəcə əmrimizə tabe olmadıqları üçün bizi zərərçəkmiş kimi tanıyıblar”.
Hakim bildirib ki‚ Rəsul Ağayev istintaqa ifadəsində Elşən Əsgərlinin kəllə ilə Oqtay Əhmədovu vurub yerə yıxdığını deyib. YPX əməkdaşı isə hazırda bu barədə heç bir şey xatırlamadığını deyib.
Elşən Əsgərlinin suallarına cavab verən Rəsul Ağayevin onun kəmərindən tutub saxladığını‚ sonra isə kəmərin qırılıb əlində qaldığını deyib.
Prokuror bildirib ki‚ Elşən Əsgərli məhz polisə tabe olmayıb, kəməri qırıb qaçdığı üçün YPX əməkdaşları zərərçəkmiş kimi tanınıb.
Vəkil Ceyhun Yusifov isə digər 2 təqsirləndirilən şəxsin kəmərindən tutulmadığını deyərək onlara niyə eyni ittihamın verildiyini sual verib. Bu zaman prokuror və hər iki tərəfin vəkilləri arasında söz mübahisəsi yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.
Digər YPX əməkdaşı İlkin Həbibov da oxşar ifadə verib. O əlavə edib ki‚ Oqtay Əhmədovun əmisi Şahin Əhmədov da onların əmrinə tabe olmayıb.
Proses aprelin 30-da davam etdiriləcək.
İttiham aktına əsasən, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.
İstintaq araşdırması zamanı E.Əsgərli və digər şəxslərin O.Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.
E.Əsgərli O.Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə məlumatlar yayıb.
Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində E.Əsgərli tanışları A.Nəsibov və N.Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da O.Əhmədovla görüşüblər.
Görüş zamanı O.Əhmədov E.Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini, və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı E.Əsgərli O.Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub. O.Əhmədovu vuran E.Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. O.Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.
Yanacaqoldurma məntəqəsinin yanında olan zaman O.Əhmədov mübahisəsini davam etdirib.
Bu zaman E.Əsgərli uca səslə O.Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
E.Əsgərli O.Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşəməyə çağırıblar, onun əl-qolunu tutaraq, O.Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.
Bu vaxt E.Əsgərlinin tanışları – N.Bayramlı və A.Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə O.Əhmədovu bir qədər kənara çəkiblər. Orada A.Nəsibov O.Əhmədovun üz nahiyəsində bir kəllə vurub. Daha sonra A.Nəsibov və N.Bayramlı zərbənin təsirindən yerə yıxılmış O.Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub. Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan E.Əsgərli O.Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.
Baş verən hadisə zamanı O.Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, mətbuatda yazılan məlumata görə, E.Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra O.Əhmədov ilə ailə qurub. Q.Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb.