Xudafərin MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər mülki iddia qaldırıblar.
Zərərçəkmilərdən biri "Amay Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını deyib. Hakim bildirib ki, Abdulla Abdullayev bu cinayət işinə cəlb edilmədiyi üçün məhkəmənin buna baxmağa səlahiyyəti çatmır.
Bundan başqa, zərərçəkmişlərin bir qismi təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyiblər. Məhkəmə zərərçəkmişlərin vəsatətini təmin etməyib. Mülki iddialar isə icraata qəbul edilib.
Növbəti proses mayın 11-də davam edəcək.
İttihama görə, Xudafərin MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş mübarizə İdarəsində araşdırılıb. Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Onlar ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.
Cinayət işində 47 zərərçəkmiş var.
Adı çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.