Bakıda tanışını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib .
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Rəcəb Məmmədovun 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası 14 ilə endirilib.
İttihama görə, qətl hadisəsi ötən il iyunun 24-də baş verib.
Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəb Məmmədov tutulub.
Rəcəb Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub.
Məhkəmədə ifadə verən Rəcəb Məmmədov bildirib ki, hadisədən əvvəl içkili olub: “Kristina, Mixail və Fərhadla bir yerdə kafeyə getdik. Onlar içdi, mən içmədim. Çünki gündüz içki içmişdim. Sonra evə gəldik. Gecə rəhmətlik Fərhad məndən pul istədi. Mən də vermədim. Bu səbəbdən aramızda mübahisə yarandı. Səsimizə qonşular gəldi. Bir qədər keçəndən sonra sakitləşdik, mən yerimə uzanmışdım. Gözümü açanda hər yer qan içində idi. Polisə zəng edib, evimdə meyit olduğunu söylədim. Amma kim tərəfindən öldürüldüyünü bilmədim. Polislər gəldi, heç onun meyitinə də əl vurmamışdım”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.