Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun barəsində olan hökümdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Növbəti proses iyukun 10-da davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gündüz Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Gündüz Hüseynov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
İttihama görə, Gündüz Hüseynov öz işçilərinə dələduzluq edib. O, 200 min manatdan artıq pulu almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
“Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.