29 İyun 2018 10:21
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, ötən gün DSX əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.

Məlumata görə, iyunun 28-də saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərə­findən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olub.

Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılan vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il tə­vəllüdlü Heydər Əkbərov və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Babək Həsənov olmaları müəyyən edilib.

Hadisə yerindən qaçan üçüncü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər