Bakıda özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluqda təqsirli bilinən 1982-ci il təvəllüdlü Zaur Ədilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Zaur Ədilov 2015-ci il yanvarın 21-də saat 22.20-də Ə.Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manatını alıb.
Daha sonra o, yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində – Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında 1982-ci ildə Kəlbəcər rayonunda anadan olmuş və hazırda Novxanı qəsəbəsində yaşayan Elgün Ələkbərovun etibarından sui-istifadə edərək, özünü nazirliyin əməkdaşı kimi təqdim edən Rüfət adlı şəxsə Binəqədi rayonunda “Oba” MTK tərəfindən inşa edilən çoxmərtəbəli binada ev almaq məqsədi ilə 95 min manat pul verib.
Lakin sonradan məlum olub ki, ona verilən ev sənədləri saxtadır.
Müəyyən edilib ki, Zaur Ədilov bu cinayətləri tək törətməyib. O, 2015-ci ildə ifşa olanaraq həbs olunan Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Nazim Məmmədov və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü İlkin Bayramov ilə birgə törədib.
Müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş Nazim Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edərək, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Zaur Ədilov polis baş leytenantı rütbəsində Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.
Nazim Məmmədov və İlkin Bayramov məhkum olunublar.
Zaur Ədilovun cinayət işində daha 3 nəfər zərərçəkmiş var.
İstintaq orqanı tərəfindən Zaur Ədilovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib.
Növbəti proses iyulun 6-da davam edəcək.