16 İyul 2018 11:39
2 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək, qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən, hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq, silahlı müqavimət göstərmiş Rəşad Böyükkişiyev əlində olan qumbaradan istifadə etməyə cəhd göstərərkən, DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – “Aslanlar” tərəfindən məhv edilib.

Məlumatda bildirilir ki, Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbs də olub. Həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.

Xatırladaq ki, iyulun 11-də Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Qeyd edək ki, iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar.


Müəllif: Hacı Zeynalov