Yevlaxda silahlı insident törətməkdə, oğurluq etməkdə və narkotik vasitələrin əkib-becərilməsində təqsirli bilinən Savalan Qasımov, Bəkir Bəkirov, Röyal İsmayılov və onun qardaşı Abbas Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində Yevlax rayon Prokurorluğunda başlanmış cinayət işi yekunlaşdırılıb və baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 26-na təyin edilib.
İttihama görə, ötən il sentyabrın 23-də Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal Yevlax rayon polis şöbəsinin əməliyyat qrupu xəstəxanaya yollanıb.
Lakin Bəkir Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə Bəkir Bəkirovun rayon ərazisindəki təsərrüfatların birindən oğurluq etməyə cəhd göstərən zaman odlu silahdan açılan atəş nəticəsində yaralandığı məlum olub.
Müəyyən edilib ki, Bəkir Bəkirovun Hacıselli kəndi ərazisində Abbas İsmayılova və qardaşı Röyala məxsus pay torpaq sahəsində tərəvəz məhsullarının yetişdirildiyi yerdə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdikləri barədə məlumatı olub.
Həmin gün Bəkir Bəkirov həmkəndliləri, əvvəllər məhkum olunmuş Savalan Qasımov və Abbas İsmayılov ilə birgə həmin təsərrüfatdan 20 ədəd çətənə kolunu oğurlayıb aparmaq istəyərkən, Abbas İsmayılovun ov tüfəngindən açdığı atəş nəticəsində yaralanıb.
İstintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib, oradan Bəkir Bəkirova məxsus “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.
Təxirəsalınmaz tədbirlərlə Savalan Qasımov, Abbas İsmayılov və Röyalın yerləri müəyyən edilib, onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Abbas İsmayılovdan “TOZ-16” markalı tüfəng götürülüb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə), 235.4.3-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etməklə, həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 237.2.3-cü (külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham elan edilib.