Bakıda Uroloji Mərkəz klinikasının sahibi, professor Kamal Abdullayevin evinə basqın etməkdə təqsirli bilinən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Anar Əmirovun 14 il, Natiq Musayev 14 il, Bəhruz Hacızadənin 13 il 6 ay, Elməddin Musayevin 12 il və Firdovsi Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o, 5 dəfə məhkum olunan Anar Əmirovla görüşüb, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib.
Həmçinin deyib ki, Kamal Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.
Anar Əmirov isə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi bu işə cəlb edib. Bir müddət Kamal Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər.
Hadisədən bir neçə gün öncə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.
Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, onlar Bərdə rayonuna getmək üçün taksi da danışıblar.
Anar Əmirov, Natiq Musayev və Bəhruz Hacızadə isə oradan çıxaraq, Rəsulzadə qəsəbəsində yaşayan Kamal Abdullayevin evinə yollanıb.
Anar hasardan keçərək içəridən darvazanı açıb. Oğruları qarşılayan alman “ovçarka”sını bibər qazı ilə uyudublar. Daha sonra maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb, çöldən pəncərəni açıb içəri giriblər.
Yatmış vəziyyətdə olan Kamal Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları tapança və bıçaqla hədələyiblər.
Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin Kamal Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, 1 ədəd “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, Kamal Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Oğruluğa gələnlər ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.