23 İyul 2018 12:16
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi 5 yaşlı uşağın ögey atası tərəfindən öldürülməsi hadisəsi barədə rəsmi məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində iyulun 16-da 5 yaşlı Murad Bayramovun atdan yıxılması, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində uşağın ögey atası, fermada yaşayan və işləyən, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tərəfindən iyulun 16-da ağac parçası ilə döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Abdulla Abdullayev tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Astara rayon sakini, 33 yaşlı Sevanə Yaqubova bir müddət əvvəl Kürdəmir rayonunun Muradxan kənd sakini Abdulla Abdullayevə ərə gəlib və özü ilə ilk həyat yoldaşından olan 5 yaşlı oğlu Murad Bayraməli oğlu Yaqubov da onlarla bərabər yaşayırmış.

Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib.

Abdulla Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb. O, Murada gah çomaq, gah da başqa küt alətlə mütəmadi xəsarətlər yetirib.

Bir neçə gün əvvəl fermada Muradın bədənində yaranan əziklər uşağın qızdırmasına səbəb olub. Həbs olunmasından ehtiyatlanan Abdulla Abdullayev uşağı həkim müayinəsinə aparmayıb və nəticədə 5 yaşlı Murad iyulun 21-də səhər saat 5 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Uşağın anası Sevanə Yaqubovanın sözlərinə görə, dəfələrlə uşağı həkimə aparmağı desə də, ögey ata hər dəfə ona öz etirazını bildirib və uşağın müalicə və müayinəsinə imkan verməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər