Oğurluqda ittiham olunan Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və onların ataları İsif Azayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror Fərid Azayevin 12 il 6 ay, qardaşı Faiq Azayevin 7 il 6 ay və ataları İsif Azayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İstintaq materiallarında 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00-da Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.
Fərid Azayev və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətinə həbs qətimkan, Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il azadlıqdan məhrum edilib.
Faiq Azayevə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və o, məhkəmə zalında həbs olunub. Sona Kərimovaya 2700 manatlıq cərimə cəzası kəsilib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə bu hökm qüvvədə saxlanılıb.
Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs edilib. O və oğulları barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ittiham elan edilib.
Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu deyilir. Bir müddət əvvəl isə o, müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası qaldırıb.