Həbsdə olan Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
İlqar Məmmədovun vəkili Fuad Ağayev Teleqraf.com-a bildirib ki, İlqar Məmmədovun şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılacaq.
İlkin baxış iclası avqustun 10-na təyin edilib.
Qeyd edək ki, ALİ Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində olan apelyasiya və kasasiya instansiyaları məhkəmələrinin qərarını ləğv edib.
İşə yenidən apelyasiya instansiyasında baxılması tövsiyə edilib.
İlqar Məmmədov 2012-ci ildə İsmayıllıda baş verən ixtişalarda günahkar bilinib və həbs edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.
Ali Məhkəmə də kasasiya şikayətini təmin etməyib.