Kriminal aləmdə “Lotu Quli” adı ilə tanınmış 45 yaşlı azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun Çernoqoriyada saxlanılması barədə xəbər Rusiyanın məşhur “Praymkraym” saytı tərəfindən də təsdiqlənib.
Teleqraf.com Modern.az-a istinadən xəbər verir ki, adı çəkilən saytın məlumatına görə, “Lotu Quli” saxlanılıb, amma bir gün sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Həmin məhkəmə “Lotu Quli” ilə birgə saxlanılan qohumu Məhəmməd Qurbanovun isə Rusiyaya ekstradisiyası barədə qərar qəbul edib.
Hər iki şəxs Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin xətti ilə beynəlxalq axtarışa verilib. Səlifov və Qurbanov Rusiyada adam qaçırma maddələri ilə ittiham olunurlar.
Ümumiyyətlə, 45 yaşlı “qanuni oğru” “Lotu Quli”nin adında qeyri-rəsmi olaraq Rusiyada bir sıra cinayətlər yatır. Ən maraqlısı isə bu qeyri-rəsmi cinayətlərin Səlifov tərəfindən Azərbaycanda həbsdə olduğu müddətdə işləndiyi iddia olunur.
“Praymkraym”ın məlumatına görə, “Lotu Quli” ümumiyyətlə, qanunlara laqeyd yanaşması ilə tanınır. Belə ki, instintaqın iddiasına əsasən, o, öz “qurbanları”na hətta həbsdən belə şəxsən zəng etməkdən çəkinmirmiş.
Nadir Səlifovun digər ölkələrdə saxlanılması isə daha maraqlı bir mövzudur. İnterpolun məlumatına görə, o, mayın əvvəlində Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Təbii ki, bir müddət sonra yenidən azadlığa buraxılıb. Rusiya tərəfi isə onun azadlığa buraxılmasının səbəbləri barədə hələ də cavab ala bilməyib. Bundan əvvəl isə həbsdən azad olunandan sonra Səlifov Türkiyəyə üz tutub. Keçən ilin oktyabrında o, Türkiyədə qeydə alınsa da, yenə də Rusiya DİN-nin böyük təkidlərinə baxmayaraq, həbs edilməyib.
“Lotu Quli”nin Çernoqoriyada olması ilə bağlı bəzi iddialar ortaya atılıb. Bu iddialara görə, burada onun 23 illik həbsdən sonra azadlıqda ilk ad günü münasibəti ilə “qanuni oğru”ların böyük “sxodka”sı planlaşdırılır.
Qeyd edək ki, digər “qanuni oğru”ların xaricdə həbs edilib sonradan Rusiyaya ekstradisiyası fonunda Nadir Səlifovun azadlığa buraxılması onun avtoritetinin necə artdığını göstərir.