17 Sentyabr 2018 10:09
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda tanışını öldürməkdə təqsirli bilinən Bahadur Cəfərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan qapalı iclasda qərar qəbul edilib.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində yaşayan Bahadur Cəfərov evində münaqişə zəminində tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyüb. Ağır xəsarət alan Rəfayel Rzayev hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Bahadur Cəfərov saxlanılıb.

İstintaq müəyyən edib ki, Bahadur Cəfərov əvvəllər məhkumluq həyatı yaşayıb.

İstintaq orqanı tərəfindən Bahadur Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, qətl hadisəsi baş verən günü tüfeyli həyat tərzi keçirən dostlar Sabunçu rayonu ərazisində yarımçıq tikilidə yeyib-içiblər. Sərxoş olan dostlar bir-birlərinin ünvanına söyüş söyüblər.

Bu zaman Rəfayelin söyüşləri Bahadurun xoşuna gəlməyib. O, yerdən götürdüyü taxta parçası ilə Rəfayeli döyürək öldürüb.

İstintaqa ifadə verən Bahadur Cəfərov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, hadisə söyüş üstündə baş verib.

Bahadur Cəfərovun sözlərinə görə, Rəfayel onun ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlədib.

“Onun bu sözlərinə dözmədim. Yerdən götürdüyüm taxta parçası ilə onu vurdum. Həmin vaxt sərxoş idim, özümdə deyildim. Sonradan eşitdim ki, Rəfayel ölüb”, - deyə təqsirləndirilən şəxs qeyd edib.

Bahadur Cəfərov törətdiyi əməldən peşman olduğunu deyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda istintaq tədbirləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər