17 Sentyabr 2018 16:38
2 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya Təminatı sektorunun baş məsləhətçisi Zəminə Əsədova əlavə şahid qismində ifadə verib.

Zəminə Əsədovanın sözlərinə görə, Rauf Sultanovu tanımayıb: “Nailə xanımdan rüşvət istənilməsindən xəbərsizəm. Bir dəfə mənə məlumat verdilər ki, mənim haqqımda hansısa saytda məlumat yer alıb. Həmin məqalədə mənim vəzifəm də səhv yazılmışdı”.

Rauf Sultanov isə qeyd edib ki, özünü Zəminə kimi təqdim edən şəxs ona zəng edib, 187 saylı orta məktəbdə korrupsiya halları olduğunu diqqətə çatdırıb: “Konkret dedi ki, məktəbin direktoru orda müəllimləri təhqir edir, pul yığır. Mən də bundan sonra saytda bu haqda məqalə yazdım”.

Zəminə Əsədova isə təqsirləndirilən şəxsin dediklərini inkar edib. O, hər hansı məlumatı Rauf Sultanova vermədiyini deyib.

Zərərçəkmiş Nailə Məmmədova bildirib ki, Zəminə Əsədova ondan 500 manat məbləğində pul istəyib: “Bu pulu borc kimi istədi. Mən də dedim ki, hazırda yoxdur, sonra verərəm. Zəminə xanım da qayıtdı ki, yox, mənə indi lazımdır. Mən pulu Zəminə xanıma vermədiyim üçün o, jurnalistlər vasitəsilə mənim haqqımda mənfi yazılar yazdırırdı. Bunu müavinlərim də deyə bilər”.

Zəminə Əsədova məktəb direktorunun onun haqqında deyilənləri inkar edib: “Bunlar tamamilə yalandır. Heç bir adam haqqında heç kimə məlumat verməmişəm. Nailə xanımın mənlə nə ədavəti var, mən bunu bilmirem. Burda dövlət qurumunu təmsil edirəm”.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.

Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.

Rauf Sultanov sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Hüquq müdafiəçisi olan Rauf Sultanov azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib.

Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər