Sumqayıt şəhərində mağaza sahibini qətlə yetirməkdə təqsirli bilinən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
İttihama münasibət bildirən Vüsal Novruzov özünü qismən təqsirli bilib.
O qeyd edib ki, müdiri Vüqar Quliyevi öldürmək niyyəti olmayıb: “Onu qorxutmaq istəmişəm. Vüqar Quliyevlə qohumuq. İşlərimiz normal gedirdi, bir müddət idi ki, onun yanında satıcı işləyirdim. Ancaq son zamanlar işdə anlaşılmazlıqlar olurdu. Deyirdi ki, alver yoxdur, alver etməmisən. Mən də camaata məcbur gül satmalı deyildim ki? Bunu ona deyirdim, başa düşmürdü”.
Təqsirləndirilən şəxs bildirib ki, bir dəfə müştəri sifariş verib, eyni zamanda başqa sifariş də gəlib: “Mən digər müştərini əlimdə işim olduğu üçün təxirə saldım, o da Vüqara şikayət etdi. Vüqar mənimlə axşam görüşəndə söyüş söydü. Dedi ki, sən işdə özünü yekəxana aparırsan. Bundan sonra mübahisə düşdü, o, yenə mənə nalayiq söz dedi, buna görə onu bıçaqladım”.
İttihama görə, bu il mayın 24-də Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Quliyev öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb.
Vüqar Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı varmış.
O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.
Hadisəyə gəldikdə, Vüqar Quliyevi keçmiş işçisi Vüsal Novruzov tərəfindən qətlə yetirib.
Vüsal Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək Vüqar Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib.
Onun psixi problemlərinin olub.
İstintaq orqanı tərəfindən Vüsal Novruzovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.