Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov, mühəndis Mahir Abdullayev, həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova və mərkəzdə müalicə alan xəstə Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Amid Ağayev ifadə verib.
O, Narkoloji Mərkəzdə sanitar vəzifəsində çalışdığını bildirib: “Mən Mərkəzdə xəstələrə qulluq edirəm. Onlar yıxılanda qaldırıram, qaçmaq istəyəni qoymuram, tibb bacısı xəstələrə iynə vuranda yanında oluram. Mərkəzdə bir gün işləyirəm, iki gün isə istirahətdə oluram. Hadisə baş verən gün də işdə idim. Təqsirləndirilən Məhəmməd Məmmədovu da tanıyıram”.
Şahid bildirib ki, hadisə vaxtı Narkoloji Mərkəzdə 55 xəstə olub, həmin gün orada növbədə Turan həkim, tibb bacılarından isə Şəlalə xanım olub: “Səhərə yaxın kimsə yanğın baş verdiyini dedi. Çölə çıxdım, 15-ci otağın qapısının qabağında 3 nəfər dayanmışdı. Onlardan birinin adı Şahin idi. Digərlərinin adı yadımda deyil. Otağın sağ tərəfi yanırdı. Çöldəki yanğınsöndürən balonunu götürüb gətirdim. Nail, Rasim digər xəstələri oyatdı. Tural həkim isə FHN-ə zəng etdi. Yanğın 14 və 15-ci otaqların divarından başlamışdı, sürətlə də irəliləyirdi. Mən içəri keçib xəstələri otaqdan çıxartdım. Sonuncu dəfə gedəndə yolu səhv saldım, ayağımın altında xəstə var idi. Həmin xəstənin əllərindən tutub çölə çıxartdım. Hadisədən sonra sağ qalan xəstələri saydıq - 24 nəfər idi. Qalanları içəridə yanıb öldü. Hadisə zamanı Məhəmmədi orada görmədim. Sonradan bildik ki, qaçıb”.
Amid Ağayev deyib ki, təqsirləndirilən Məmməd Məmmədov Mərkəzdən çıxıb getmək istəyirmiş: "Onunla söhbət edəndə oğlundan danışırdı. O, ailəsi tərəfindən tərk edildiyini deyirdi. Hadisədən sonra eşitdim ki, Məhəmməd guya buranı yandırmaq istədiyini deyirmiş. Amma şəxsən onun ağzından eşitməmişəm. Həmin zaman elə xəstələr var idi ki, onların vəziyyətləri ağır idi deyə yuxudan qalxa bilmirdilər. Onları güclə sürüyüb çölə çıxardırdım. Hər şey gözümün qabağında oldu".
Daha sonra şahid qismində Şəlalə Ələkbərova dindirilib. O, Narkoloji Mərkəzdə tibb bacısı işlədiyini bildirib. Şahidin yanğın zamanı baş verənlərdən danışıb.
Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.
İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.
Bu məqsədlə martın 2-də, saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
Məmməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham elan edilib.
Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq araşdırması zamanı həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova barəsində cinayət işi başlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işinə görə, Afət Məmmədova mərkəzdə yanğın törətmiş Məhəmməd Məmmədovun həkimi olub.
Xatırladaq ki, mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb, onun işi məhkəməyə göndərilməyib.
Azad Ələkbərov Müdafiə Nazirliyinin hospitalında sentyabrın 28-dən 29-na keçən gecə ölüb.