Bakıda mağazaya silahlı basqın etməkdə təqsirli bilinən Fərid Hacıyev, Fərid Hüseynzadə və Orxan Məmmədlinin barəsində olan həbs müddətinin uzadılması barədə istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub və təqsirləndirilən şəxslərin barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Bu ilin aprelin 27-də Xətai rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.
Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu ilə tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Hazırda təqsirləndirilən şəxslərin barəsində istintaq hərəkətləri davam edir.