Sumqayıtda həyat yoldaşı həbsxanada olan Sevinc Babayevanın (ad və soyad şərtidir- red.) 1991-ci il təvəllüdlü Elsevər Məmmədov tərəfindən intim görüntülərlə şantaj edilməsindən yazmışdıq. Yazı Elsevər Məmmədovun istintaqa ifadəsi əsasında hazırlanmışdı. Hadisə ilə bağlı zərərçəkən Sevinc Babayeva da danışıb.
Teleqraf.com xəbər verir ki, Sevinc Babayeva 2007-ci ildə Sahib (ad şərtidir – red.) ilə ailə həyatı qurub, onunla birgə nikahdan 2 övladı olub: “Vəfanı 2 ildir tanıyırdım. Onunla anasıgilin yaşadığı Xəzər bağları massivinə gələndə tanış olmuşam. Vəfa ilə münasibələrim həmişə normal olub”.
“Məni bir nəfər oğlanla tanış edəcəyini dedi”
Zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı 2015-ci ilin may ayında qonşu ilə savaşdığı üçün Sumqayıt şəhər Məhkəməsi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilib: “Ərim həbs olunduqdan sonra anam Esmira ilə birlikdə onun evində yaşamışam. Övldalarımı saxlamaqda çətinlik çəkdiyim üçün həyat yoldaşımın tez azadlığa çıxmasını arzu etmişəm. Bu barədə qonşum Vəfaya da demişdim. Vəfa isə mənə həyat yoldaşımın narkotik istifadəçisi olduğunu, ondan yaxşı həyat yoldaşı olmayacağını, məni bir nəfər oğlanla tanış edəcəyini, onun həyat yoldaşımın həbsdən çıxmasına köməklik göstərəcəyini dedi”.
Sevinc Babayeva deyib ki, ehtiyacı olduğu üçün bununla bağlı Vəfaya razılıq verib: “Vəfa mənimlə tanış edəcəyi şəxsin adının Uğur olduğunu, polisdə işlədiyini və məxfi əməkdaş olduğunu bildirdi. Həmin gün Uğur (Elsevər Məmmədov) mobil telefonuma “Vatsap” vasitəsi ilə mesaj göndərdi, polis əməkdaşı olduğunu, həyat yoldaşımın həbsdə olması barədə Vəfanın ona məlumat verdiyini, həyat yoldaşımın azadlığa çıxması üçün nə lazımdırsa, əlindən gələni edəcəyini yazdı. Mən də Uğurun səmimiliyinə inandım. Onunla bir neçə dəfə telefonda danışdım. Bundan sonra görüşmək qərarına gəldik. Uğurla görüşə getməkdə məqsədim həyat yoldaşımın azadlığa çıxması üçün onunla söhbət etmək olub”.
“Məktəbin qarşısına gəlməsini istədim”
Sevinc Babayevanın sözlərinə görə, Uğur ona polisdə məxfi əməkdaş olduğunu, əlinin hər yerə çatdığını, ona görə də ona kömək edə biləcəyini deyib: “Qərara gəldik ki, noyabrın 24-də Sumqayıt şəhər 18 saylı orta məktəbin qarşısında görüşək. Həmin gün saat 13.30-da uşaqlarımın oxuduğu 18 saylı orta məktəbə getdim ki, həm uşaqları götürüm, həm də Uğurla görüşüb söhbət edim. Evdən çıxarkən, Uğurun mobil telefonuna zəng vurdum, 18 saylı məktəbə getdiyimi, həmin məktəbin qarşısına gəlməsini istədim”.
“Mənə cinsi əlaqədə olmağı təklif etdi”
Sevinc Babayeva qeyd edib ki, 18 saylı məktəbin qarşısına gəlib, az sonra Uğur da avtomobillə ora yaxınlaşıb: ”Uğurun avtomobilinə əyləşdim. O, mənə kənar yerdə söhbət etməyi təklif etdi. Mən də Uğurla razılaşdım. Biz birlikdə Sumqayıtda dəniz kənarına gəldik. Həmin vaxt avtomobilin arxa tərəfində əyləşmişdim. Biz avtomobildə bir qədər söhbət etdik. Uğur yenə də həyat yoldaşımın azadlığa çıxmasına köməklik göstərəcəyini, bunun müqabilində onunla cinsi əlaqədə olmağımı istədi. Uğurun həyat yoldaşımın azadlığa çıxmasına kömək edəcəyinə inandığım üçün onun təklifi ilə razılaşdım. Özünü Uğur kimi təqdim edən şəxs mənimlə avtomobildə təbii yolla cinsi əlaqədə oldu. Bundan sonra Uğur mənə yenə də həyat yoldaşımı azadlığa çıxaracağına söz verdi. Sonra o, məni övladlarımın təhsil aldığı 18 saylı məktəbin qarşısında düşürdü”.
“Görüntüləri sosial şəbəkədə yayacağı ilə hədələdi”
Sevinc Babayeva bildirib ki, səhəri gün saat 11.00-da Uğur onun mobil telefonuna mesaj göndərib: “O həmin mesajda yazmışdı ki, niyə Vəfanın faizə pul verdiyi haqda onun mənə dediklərini Vəfaya çatdırmaşam. Vəfanın bunu ona irad tutduğunu, buna görə də Vəfa ilə mübahisə etdiyini, hirslənib mobil telefonunu yerə çırpıb sındırdığını, ona görə də ya telefon, ya da ki, telefonun dəyəri olan 250 manat pulu ona verməli olduğumu iddia edirdi. Mən də “Vatsap”da Uğura yazdım ki, ona nə telefon, nə də pul verməyəcəyəm. Uğur mesajla yazdı ki, cinsi əlaqədə olarkən, görüntüləri kamera ilə çəkib, əgər 250 manat pul verməsəm, onunla cinsi əlaqədə olmağım barədə görüntüləri sosial şəbəkədə yayacaq. Əvvəlcə Uğura inanmadım. Daha sonra Elsevər “Vatsap”la bir neçə dəfə mesaj yazaraq pul verməyəcəyim təqdirdə görüntüləri sosial şəbəkədə yayacağını yazdı. Ona görə də qorxuya düşdüm, onunla cinsi əlaqədə olduğuma dair görüntlərin olduğunu düşündüm”.
“Vəfaya onunla cinsi əlaqədə olduğumu dedim”
Sevinc Babayeva bildirib ki, bu səbəbdən dərhal Vəfanın mobil telefonuna zəng vurub: “Vəfaya dedim ki, 18 saylı məktəbin qarşısına gəl, səninlə söhbətim var. Vəfa nə üçün onu çağırdığımı soruşduqda, ona Uğurun mənə hədə-qorxu gəldiyini dedim. Az sonra Vəfa məktəbin qarşısına gəldi və dedi ki, Uğur da məktəbin qarşısına gələcək. Az sonra Uğur məktəbin qarşısına gəldi. Vəfaya dedim ki, Uğur mənimlə cinsi əlaqədə olub və bunu kameraya çəkib, indi də məndən 250 manat tələb edir. Vəfa dedi ki, sənə demişdim ki, get Uğurla cinsi əlaqədə ol? Sonra Vəfa bu işin onluq olmadığını, “get nə edirsən, et” dedi”.
“Dedim ki, cinsi əlaqədə olmağım barədə videonu göstərsin”
Sevinc Babayevanın sözlərinə görə, Uğur ona yenə də 250 manat pul verməyi, əks halda görüntüləri yayacağını deyib: “Sonra Uğur məni yaşadığım binanın qarşısına gətirdi, işi ilə əlaqədar təcili Bakı şəhərinə getdiyini dedi, pulu Vəfaya verməyimi tapşırdı. Uğura evdə 50 manat pulum olduğunu dedim. O, həmin pulu Vəfaya verməyimi, qalan 200 manat pulu isə sabah çatdırmağımı tələb etdi. Evən 50 manat pulu götürdüm və Vəfanın mobil telefonuna zəng vurdum. Onun harada olduğunu soruşdum. Vəfa yaşadığı evin yaxınlığında sürücülük məktəbinin qarşısında olduğunu dedi. Sürücülük məktəbinin qarşısında Vəfa ilə görüşdüm. Orada 50 manat pulu Vəfaya verdim ki, Uğura çatdırsın. Vəfa getməyimi istədi, lakin Vəfaya bildirdim ki, Uğuru gözləyəcəm ki, ona pulu verdiyini görüm, həm də mənimlə cinsi əlaqədə olmağım barədə görüntünü göstərsin. Vəfa Uğurun Bakıda olduğunu dedi. Lakin gördüm ki, həmin vaxt Uğur bir qədər aralıda ağ rəngli avtomobildə əyləşib, oradan bizi müşahidə edir”.
“Videogörüntüləri göstərməsini tələb etdim”
Sevinc Babayevanın sözlərinə görə, Uğur avtomobillə onlara yaxınlaşıb: “ Uğurdan soruşdum ki, bəs o, Bakıya gedəcəyini dedi, nə üçün yalan danışır. Uğur Bakıdan buraya yaxın məsafə olduğunu, bura gəlməyin problem olmadığını söylədi. Həmin vaxtıVəfa verdiyim 50 manat pulu Uğura verdi. Uğurdan videogörüntüləri göstərməsini tələb etdim. Uğur görüntüləri göstərməyəcəyini dedi, qalan 200 manat pulu da istədi. Həmin pulu verməyəcəyim təqdirdə görüntüləri yayacağı ilə məni hədələdi. Həmin vaxtı Vəfadan videogörüntüləri Uğurun ona göstərib-göstərmədiyini soruşdum. Vəfa həmin görüntülərə baxdığını dedi”.
“Qardaşıma hər şeyi danışdım”
Sevinc Babayeva qeyd edib ki, Elsevərə 200 manat pulu səhərisi gün çatdıracağını deyib, sonra onlardan uzaqlaşaraq yaşadığı ünvana gəlib: “Qardaşımdan 200 nanat pul istədim. Qardaşım nə səbəbə pul istədiyimi soruşdu. Bütün baş verənləri qardaşıma danışdım. Qardaşımın təkidi ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə və Sumqayıt şəhər prokurorluğuna ərizə verdim. Mənə məlum oldu ki, özünü Uğur kimi təqdim edən şəxsin adı əslində Elsevərdir”.
Qeyd edək ki, Ağdam sakini, 1991-ci il təvəllüdlü Elsevər Məmmədov 25 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində tanışı Sevinc Babayevanın barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə onu şantaj edib. Elsevər Sevinclə bir gün əvvəl cinsi əlaqədə olarkən bunu videokamera vasitəsi ilə lentə aldığını və həmin görüntüləri sosial şəbəkədə yayacağını bildirib.
O, Sevincdən 250 manat tələb edib və bu məbləğin 50 manatını alıb.
İstintaq orqanı tərəfindən Elsevər Məmmədova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elsevər Məmmədov 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elsevər Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.
Elsevər Məmmədovun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada baxılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elsevər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun cəzası 1 il sınaq müddəti olmaqla şərti hesab edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.