15 Noyabr 2018 18:21
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanış olduğu qadına qarşı dələduzluqda təqsirli bilinən Ramil Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ramil Muradovun 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 30-da Binəqədi rayon Polis İdarəsinə müraciət edən şəxs mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib.

Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götürüldüyünə əsaslı şübhələr olduğundan əməliyyatçılar qadını saxlayıblar.

İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etiraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək məqsədi ilə verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi polisi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini Ramil Muradovu da saxlayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü “hepatit” xəstəsi kimi təqdim edərək ondan maddi kömək istəyib.

Ramil Muradov bu yolla ötən ilin noyabr ayından bu il yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Qadın pulları xəstə bildiyi Ramil Muradova ərindən xəbərsiz verib. Ramil Muradovun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Qadın sərbəst buraxılıb.

Amma Ramil Muradov barəsində dələduzluq və hədə qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov