26 Noyabr 2018 12:06
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana ölümündə səhlənkarlığa yol verməkdə təqsirli bilinən Qobustan rayon Mərkəzi Xəstəxanasının doğuş (mamalıq-ginekologiya) şöbəsinin müdiri vəzifəsində işləmiş Kifayət Rzayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Kifayət Rzayeva 17 oktyabr 2017-ci il tarixdə, saat 12.10-da Qobustan rayon Mərkəzi Xəstəxanasına daxil olmuş 1988-ci il təvəllüdlü Zümrüd Günəşovanı doğuş şöbəsinə qəbul edib.

Daha sonra zəruri laborator analizlərin aparılmasını təmin etməyib. O, hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplamadan Z.Günəşovanın doğuşunun təbii yolla idarə olunmasını həyata keçirib.

Bu səbəbdən dünyaya uşaq gətirən Z.Günəşova həmin gün saat 20.00-da xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən K.Rzayevaya qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Qobustan rayon Məhkəməsinin hökmü ilə K.Rzayeva 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həmçinin 2 il 6 ay müddətinə dövlət orqanlarında və ya özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsi qərara alınıb.

Hökmdən narazı qalan K.Rzayeva apelyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

O, doğuşun normal keçdiyini, mümkün olan bütün tibbi xidmətlərin göstərildiyini qeyd edib.

K.Rzayevanın işi araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyətinin elan etdiyi qərara görə, K.Rzayevanın apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, vəfat edən 1988-ci il təvəllüdlü Zümrüd Günəşova iki uşaq anası olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər