Mütəşəkkil dəstənin üzvləri qısa müddətdə vətəndaşlara 215 min manatlıq ziyan vurublar
Bakı Apelyasiya Məhkəməsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə və aldatma yolu ilə küllü miqdarda dələduzluq etməkdə təqsirli bilinən Əhliman Məmmədov, İlham Cəfərov və Eyvaz Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, adıçəkilənlərin yaratdığı mütəşəkkil dəstəyə İlham Cəfərov rəhbərlik edib, dəstə üzvləri arasında vəzifə bölgüsü aparılıb. Mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli kreditlərin alınması, o cümlədən ayrı-ayrı vəzifələrə təyin olunma adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək onların külli miqdarda əmlaklarını ələ keçiriblər.
İlham Cəfərov və Əhliman Məmmədov 2011-ci ilin oktyabr ayında kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi” adlı saxta təşkilat yaradıblar.
Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham Cəfərov özünü “Hacıyev A.Ş.” adı ilə “Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri” kimi qələmə verib və mütəşəkkil dəstənin digər rəhbəri Əhliman Məmmədovun vasitəsi ilə müxtəlif fiziki şəxslərə təqdim olunub. Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər verərək, onların əmlaklarını ələ keçiriblər.
Bir müddətdən sonra onlar əmlaklarını aldatma yolu ilə mənimsədikləri vətəndaşların narazılıq etdiklərini görüblər və narazı şəxsləri inandırmaq məqsədilə əlavə daha bir saxta qurum - “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu”nu yaradıblar. Bu dəfə İlham Cəfərov özünü “Abbasov Nəriman Zülfüqar oğlu” adı ilə həmin saxta fondun prezidenti, Əhliman Məmmədov özünü vitse-prezidenti kimi təqdim ediblər.
İlham Cəfərov və Əhliman Məmmədov Şəki, Beyləqan, Bərdə, Şamaxı, Quba və Xaçmaz rayonunun ərazisində malik olduqları torpaq sahələrində kəndli və fermer təsərrüfatını inkişaf etdirmək istəyən şəxslərin də etibarlarından sui-istifadə ediblər. Aldatma yolu ilə onlara guya uzun müddətli güzəştli kredit verəcəklərini yalandan vəd edərək, təkrarən dələduzluq etməklə onların hər birinin müəyyən məbləğdə pullarını ələ keçirib mənimsəyiblər. Mütəşəkkil dəstənin üzvləri qısa müddət ərzində vətəndaşlara ümumilikdə 215 min manatlıq ziyan vurublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhliman Məmmədov 13 il, İlham Cəfərov və Eyvaz Bayramov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Əhliman Məmmədov və Eyvaz Bayramov cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. İlham Cəfərov isə günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib.
Hacı