Azərbaycan Hava Yolları QSC-nin (AZAL) işçisi Seymur Qarayevin barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə yenidən məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə mülki iddiaçı İmdad Əlizadənin nümayəndəsi Abil Bayramov çıxış edib.
O bildirib ki, təqsirləndirilən şəxsin vəkilinin verdiyi vəsatət əsasında çağırılan şahidlərin ifadələri bu işin mahiyyəti üçün heç bir əhəmiyyət kəsb etmədiyindən nümayəndə kimi sual vermək hüququndan imtina edir.
Daha sonra prosesdə şahid qismində çağırılan Əli Şahmərdanov ifadə verib. O deyib ki, hadisəni törədən Seymur Qarayev onun qardaşının kürəkənidir: “Hadisə baş verəndə qardaşım mənə xəbər edib. Rəhmətlik Əli müəllimi “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəz) apardılar. 7-8 gün orda qaldı. Həmin vaxt biz onun müalicə xərclərini çəkdik, köməklik etdik”.
Zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə şahidə suallar verib. Suallara cavab olaraq Əli Şahmərdanov bildirib ki, bir dəfə ona pul verib: “Bir dəfə qardaşımın yanında pul vermişəm”.
İmdad Əlizadə şahidin yalan danışdığını deyib. O qeyd edib ki, Əli Şahmərdanov heç vaxt atasının müalicə olunduğu xəstəxanalara gəlməyib.
Daha sonra ifadə verən təqsirləndirilən Seymur Qarayevin qayınatası Səlim Şahmərdanov qeyd edib ki, hadisə olandan dərhal sonra xəstəxanaya gedib: “Seymuru ora qoymurdum getsin. Əli müəllim ziyalı adam idi. Allah ona rəhmət eləsin. 9 gün “Semaşko”da qaldı. Həmin 9 gün mən orda olmuşam. Xəstəxanada nə xərc olubsa ödəmişəm. Oğlu atasını özəl xəstəxanaya köçürmək istəyirdi. Özü atasına görə ora 4-5 həkim gətirmişdi. Hamısı xəstənin vəziyyətinə baxmışdı. Mən orda da dedim ki, bizim gücümüz nəyə çatırsa, onu edəcəyik”.
İmdad Əlizadə şahidə sual verərək ora gələn həkimlərin rəyini soruşub. Səlim Şahmərdanov bildirib ki, həkimlərin rəyini İmdaddan eşidib: “Həkimlər gələndə mən qırağa çəkilirdim. Sonra səndən soruşurdum. Bir dəfə səninlə birlikdə “alman soku” almağa da getmişəm”.
Bu zaman şahidin ifadəsinə arayış verən İmdad Əlizadə bildirib ki, şahidin “alman soku” adlandırdığı dərman komada olan xəstələr üçün nəzərdə tutulub: “Xəstəxanada ondan yox idi. Özəl xəstəxanaya köçürüləndən sonra demək olar ki, atama hər gün o dərmandan verilirdi”.
İmdad Əlizadə həmçinin Səlim Şahmərdanov və onun qardaşı Əli Şahmərdanova çarpaz suallar verib. Suallara cavab olaraq Səlim Şahmərdanov bildirib ki, heç zaman İmdad Əlizadəyə pul verməyib.
Bu zaman Əli Şahmərdanov bir qədər əvvəl verdiyi ifadəni dəyişib. O qeyd edib ki, komada olan Əli Əliyevin müalicəsinə kömək üçün pulu qardaşı Səlimə verib: “Rəhmətlik “Semaşko”da reanimasiya şöbəsində müalicə olunurdu. Onun yanına bizi buraxmırdılar. Pulu biz aşağıda yığırdıq, Səlim yuxarı aparırdı”.
İmdad Əlizadə isə deyib ki, atası Əli Əliyevin komada olduğu 504 gün ərzində müalicəyə 137 min manatdan artıq pul xərclənib: “Atamı avtomobillə vuraraq komaya salan Seymur Qarayev isə müalicəyə ümumilikdə 4 min manat pul verib. Mən bunu inkar etmirəm. Yerdə qalan 133 min manatdan artıq vəsaiti isə biz borc-xərc edib xəstəxanalara ödəmişik”.
Daha sonra prosesdə şahid qismində Azər Qaraçənli ifadə verib. O bildirib ki, hadisə baş verən gündən sonunadək bu proseslərin içində olub: “Zərərçəkənin oğlu İmdadla birinci gündən xəstəxanada olmuşam. Seymurun qayınatası “Semaşko”da olan vaxt hər gün gəlirdi. Bizlə orda olurdu. Həmin müddət ərzində biz başqa həkimlərlə də danışıqlar aparırdıq. Məqsədimiz xəstəmizi ayağa qaldırmaq idi.
Həkimlərin hamısı rəy verdilər ki, Əli müəllim reanimasiya şəraiti daha yaxşı olan xəstəxanaya köçürülsün. Həmin vaxtı Səlim müəllim də orda nə lazımdırsa onu edək deyirdi. Ümumiyyətlə hamıya məlumdur ki, “Semaşko” ilkin tibbi yardım xəstəxanasıdır. Bizim xəstənin durumu isə ağır idi, lazım olan dərmanların əksəriyyəti orada tapılmırdı.
Biz Əli müəllimi özəl xəstəxanaya köçürdük. Bunun sayəsində 1 il 4 ay yaşadı. “Semaşko”da qalsaydı, 1 ay yaşamazdı. Bütün çəkilən xərclər göz qabağındadır. Yenə vurğulamaq istəyirəm ki, həkimlərin hamısının rəyi ondan ibarət idi ki, Əli Əliyev reanimasiya şəraiti daha yaxşı olan xəstəxanaya köçürülməlidir”.
Digər şahid Hüseyn Talıbov deyib ki, mərhum Əli Əliyev bacısının həyat yoldaşı olub: “2016-cı il fevralın 14-də yaşadığım Tərtər rayonunda idim. Əli müəllimin avtomobillə vurulduğunu eşidən kimi Bakıya gəldim. Əli müəllimin “Semaşko”da müalicə aldığı doqquz gün ərzində hər gün xəstəxanada olmuşuq. Həmin vaxt Seymurun qayınatası da bizim yanımızda durmuşdu. Bir neçə dəfə danışığımız olub. Bizə orda dedi ki, nə lazımdır edəcəyik. Orda həkimlər baxıb dedilər ki, burda yaxşı şərait yoxdur. Səlim də bunu eşidib. Orda dedi ki, necə istəyirsiniz, elə edək. Biz Əli müəllimi Mərkəzi Klinik Xəstəxanaya köçürdük.
Üstündən xeyli vaxt keçdi, Səlim gəlib çıxmadı. Mən götürüb Seymura zəng elədim, onu çağırdım. Gəldi dedi ki, müalicəyə kömək edəcəyəm. Üstündən xeyli vaxt keçdi, amma bunlardan bir xəbər çıxmadı. Bizim isə vəziyyətimiz çətin idi, hər keçən gün də çətinləşirdi. Mərkəzi Klinika özəl xəstəxanadır və orada qiymətlər çox bahadır. Baxmayaraq ki, xəstəxana bizə bəzi güzəştlər etmişdi, amma gücümüz çatmırdı, hər gün xəstəxanaya borcumuz artırdı.
Sonra Seymura bir neçə dəfə zəng elədim. İki dəfə 500-600 manat gətirib verdi. Ondan sonrakı zənglərimizdə bizə min bir bəhanə eləməyə başladı. Götürüb onun qayınatasının qardaşı Şükürə zəng elədim. O da telefonda mənimlə elə danışdı ki, dedim bundan yaxşı insan yoxdur. Dedi ki, hadisəni biz eləmişiksə, nə lazımdırsa edəcəyik. Lakin ondan sonra səs çıxmadı. Biz min bir əziyyət çəkdik, çox çətinliyə düşdük. Amma bu adamlar məsələ isti-isti olanda özlərini yaxşı göstərib, sonradan aradan çıxdılar”.
Hüseyn Talıbovun sözlərinə görə, mərhum Əli Əliyevin “Semaşko”dan özəl xəstəxanaya köçürülməsi məcburiyyətdən olub: “Biz köçürülməni həkimlərin rəyi əsasında etmişik. Seymur Qarayevin qayınatası və onun qardaşı da buna razılıq verib. Amma sonradan xəstənin müalicəsinə heç bir köməklik göstərmədilər”.
Növbəti prosesi dekabrın 20-də davam edəcək.
Qeyd edək ki, Ali Məhkəmə Seymur Qarayevlə bağlı olan işin mülki hissəsi üzrə iddianı ləğv edib və həmin hissədə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Bundan əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə elan edilən qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Seymur Qarayevin cəzasını 4 il 6 aya endirilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, zərərçəkmiş Əli Əliyevin hüquqi varisi, oğlu İmdad Əlizadənin apelyasiya şikayəti qismən təmin edilib.
Məhkəmə hüquqi varisin maddi, mənəvi və mülki iddianı qismən təmin edib.
Belə ki, 166 min manat maddi və mənəvi zərərdən 120 min 931 manat ziyanın ödənilməsi təmin edilib. Bu, Mərkəzi Klinika və Avrasiya hospitalında mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi nəzərə alınıb.
Məhkəmə belə nəticəyə gəlib ki, "Semoşka" və Bakı Sağlamlıq Mərkəzində müalicəyə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilmədiyi üçün həmin hissə baxılmamış saxlanılıb.
Nərimanov rayon Məhkəməsinin hökmü ilə Seymur Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Seymur Qarayevin barəsində həbs qətimkan tədbiri seçməyib. Onun başqa yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Hökmə görə, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası qismən təmin edilib. Məhkəmə onun 166 min manatlıq mülki iddiasından yalnız 23 min manatını təmin edib. Məhkəmə belə nəticəyə gəlib ki, zərərçəkmiş tərəfə 20 min manat maddi ziyan, 3 min manat isə mənəvi ziyan vurub.
İmdad Əlizadə hökmdən narazı olduğu üçün apelyasiya şikayəti verib. O, şikayətində Seymur Qarayevin cəzasının ağırlaşdırılmasını, həmçinin mülki iddiasının tam təmin edilməsini istəyib.
Qeyd edək ki, hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıb.
İmdad Əlizadənin istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb.
Məlum olub ki, mərhum Əli Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub.
Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edib.
İttihama görə, Seymur Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “GAC MİNİK” markalı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində yol hərəkəti qaydasını pozub.
Nəticədə piyadalar Əli Əliyev və Əliəskər Talıbovu vurub.
Baş verən qəza nəticəsində Əliəskər Talıbov tibbi yardım alıb, Əli Əliyevə isə uzun müddət tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"da müalicə alıb.
Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardandır. 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir.
Əli Əliyev altı övlad böyüdüb, tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.