19 Dekabr 2018 11:31
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda ər-arvadı güllələməkdə təqsirləndirilən Misir İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses dekabrın 21-nə təyin edilib.

İttihama görə, hadisə bu il avqustun 4-də Ağstafa rayonunun Qarayazı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində fermada çoban işləyən, əvvəllər məhkum olunmuş Misir İbrahimov münaqişə zəminində tüfəngdən iki atəş açaraq fermanın sahibi Sakit Nəsibov və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.

Sakit Nəsibov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Şərifə Həmşəyevanın həyatını isə xilas etmək mümkün olub.

Misir İbrahimov tutulub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “МЦ-2112” markalı tüfəng götürülüb.

İstintaq orqanı tərəfindən Misir İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər