20 Dekabr 2018 10:00
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində yeni doğulan nəvəsinin ölümündə təqsirli bilinən Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Mehdiyeva ilə bağlı verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə Xatirə Mehdiyevanın qızının qeyri-rəsmi münasibətdə olduğu əri, həmçinin öldürülən azyaşlının atası Ağasəf Babayevin kasasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Xatirə Mehdiyevanın həbs edilməsi barədə verilən şikayət təmin olunmayıb.

Xatirə Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 8-9 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.

Daha sonra o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatızdırmaq istəyib. Bu zaman uşaq ağlayıb və sakitləşməyib. Xatirə bundan əsəbiləşməyə başlayıb.

Xatirə Mehdiyeva uşağı yellədikcə və uşağa baxdıqca qızı Nübarın onlardan xəbərsiz Ağasif Babayev ilə cinsi əlaqədə olması, uşaq dünyaya gətirməsi, bununla da yaşadıqları kənddə və rayonda rüsvay olacaqları, heç kəsin üzünə baxa bilməyəcəkləri, qohumlarının onlardan üz çevirəcəyi barədə düşünüb.

Bütün bunlar onun psixoloji sarsıntı keçirməsinə səbəb olub, hadisədən bilavasitə əvvəlki yuxusuzluğu, bütün gecəni ağlaması, dincəlmək istəsə də alınmaması, rüsvay olmalarını, camaat içinə necə çıxacaqlarını, qızının utancverici hərəkət etməsi kimi düşüncələri psixi-emosional durumunda diskomfortluq əmələ gətirib, gərginlik, həyəcan, əsəbilik yaradıb.

Yaranmış psixogen situasiya Xatirə Mehdiyevanın psixi-emosional sferasında həyəcan və gərginlik səviyyəsini artırıb.

Xatirə Mehdiyeva stress faktorun güclü təsiri nəticəsində depressiv reaksiya halını keçirtməsinə səbəb olub. O, mətbəxə keçmək üçün özündən asılı olmayaraq əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən üzü üstə döşəməyə yıxılıb.

Uşaq üzü üstə yıxıldıqdan sonra ani vaxtda onun ağlamaq səsi kəsilib. O öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədiyindən cinayətkarcasına etinasızlıq nəticəsində uşağın sadəcə olaraq yatdığını zənn edib.

Xatirə Mehdiyeva yanındakı adyalı soyuq olmaması üçün uşağın üstünə örtüb, uşaq üzü üstə yerdə qalmış vəziyyətdə qoyduqdan sonra mətbəxə keçib. O, mətbəxdə əl-üzünü yuyub, bir neçə dəqiqə mətbəxdə oturub.

Bununla da Xatirə Mehdiyevanın ehtiyatsızlığından yeni doğulmuş uşaq təxminən 5 dəqiqə üzü üstə yerdə uzanmış halda qaldığından ölüb.

İstintaq orqanı tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Xatirə Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Bu hökmdən zərərçəkmişin hüquqi varisi Ağasəf Babayev apelyasiya şikayəti verib. O, apelyasiya şikayətində Xatirə Mehdyevanın barəsindəki hökmün ləğv edilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, cəzalandırılması barədə qərar qəbul edilməsini istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş tərəfindən apelyasiya şikayəti təmin edilməyib.

Tahir Kazımov kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. O, Xatirə Mehdiyevanın cəzasının ağırlaşdırılması ilə bağlı işin yenidən apelyasiya instansiyasına göndərilməsini qeyd edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər