27 Avqust 2014 10:52
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokuror iki nəfərin ölümündə təqsirli bilinənə cəza istəyəcək

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanovun məhkəməsi keçirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçən prosesdə Aydın Qəhrəmanovun vəkili Nazim Kərimov vəsatətlə çıxış edib.

O, bildirib ki, Aydın Qəhrəmanov Samirə və Aidə Yəhyayevaları guya qisas almaq və tamah məqsədilə zəhərləyərək öldürüb. Onun sözlərinə görə, Aydın Qəhrəmanov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib və məhkəməyə verilib: “İşdə olan ilkin məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən Samirə Yəhyayevanın və Aidə Yəhyayevanın ölümünə antideprensant dərmanı olan ”Fillipsin" və naməlum etiologiyalı dərman preparatları ilə zəhərlənmə olub. Həmçinin Aydın Qəhrəmanovun özü də qurğuşun duzu ilə zəhərlənib".

Nazim Kərimovun sözlərinə görə, Aydın Qəhrəmanovun şikayətləri əsasında mərhum Mustafa və Cavid Yəhyayevlərin cəsədlərinin ekshumasiya edilib və ekspertlər tərəfindən yoxlanılıb: “Yoxlamalar zamanı onlarında ölümünə səbəb kimi qurğuşun duzu və birləşmələri göstərilib. İstintaqçı heç bir səbəb olmadan hadisənin üstündən 5 il keçəndən sonra heç bir mənbəyə əsaslanmayan şübhələr əsasında mərhumların cəsədləri ekspertiza təqdim edilmədən rəylər verilib. Həmin rəylərdə ilkin rəylər arasında kəskin ziddiyyətlər var. Bildiyimiz kimi ekspert rəyi dəqiq olmalıdır. Rəy mülahizələrə və fərziyyələrə əsasən verilməməlidir”.

Vəkil həmçinin bildirib ki, iş üzrə yenidən əlavə komisyon təkrar məhkəmə-tibbi və kimyəvi ekspertizası təyin edilsin. O, mərhumlar Aidə və Samirə Yəhyayevaların meyitlərinin dəfn olunduqları yerdən çıxarılmasını istəyib: “Meyitlər daxili və xarici müayinələrin aparılması üçün ekspertlərə təqdim edilsin. Onların qanından, saçından və dırnaqlarından nümunələr götürülərək tədqiqat aparılması üçün ekspertizaya verilsin”.

Prokuror vəkilin vəsatətinin təmin edilməməsini istəyib. Hakimlər də vəsatətin təmin edilməməsi barədə qərar qəbul ediblər. Bundan sonra cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və ittiham nitqi ilə çıxış etməsi üçün söz prokurora verilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə də məhkəmə sentyabrın 2-nə təyin olunub.

İttihama görə, Aydın Qəhrəmanov Aidə Yəhyayeva ilə qeyri-rəsmi yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb. Onun bu niyyətindən Aidənin digər bacısı İndira duyuq düşüb. Buna görə də İndira ilə Aydın Qəhrəmanovun arasında narazılıq yaranıb. O, qeyri-rəsmi həyat yoldaşı Aidədən bacısını evə buraxmamağı tələb edib.

Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan xəbərsiz satılması ilə bağlı Aidə ilə mübahisə edib. O, Aydın Qəhrəmanov barəsində Yasamal Polis İdarəsinin 29-cu bölməsinə müraciət edib. Bölmədə şikayətin araşdırması gedən vaxtda Aydın Qəhrəmanovun Aidənin qardaşı qızı Samirə ilə də münasibətləri gərginləşib. Buna görə də o, bir neçə ay Aidədən uzaqlaşıb.

2008-ci ildən yenidən Aydın Qəhrəmanovun Aidə ilə münasibətləri düzəlməyə başlayıb. Həmin il ərzində Aydın Qəhrəmanov Naziləyə məxsus evi ələ keçirmək məqsədilə Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. O, istintaqa məlum olmayan mənbədən dərman əldə edib və evə gətirib. Dərmanı yuxugətirici kimi Aidəyə təqdim edib, onu Aidə və Samirəyə içirib.

Aidə və Samirə zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı xəstəxanaya yerləşdiriliblər. Sentyabrın 7-də Samirə xəstəxanada ölüb. Aidənin isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanova satıb. Aidə sentyabrın 18-də dünyasını dəyişib.

İstintaq onların Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər