Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, istintaq orqanının təqdimatı təmin edilib.
Fəxrəddin Bəşirovun həbs müddəti 2 ay artırılıb.
Qeyd edək ki, bu il oktyabrın 2-də, saat 10 radələrində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Ayxan Qasımov və Rasim Bayramovu vurub.
Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Fəxrəddin Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri – Ayxan Qasımov “Sumqayıt”ın U-15 komandasında çıxış edib.