9 Fevral 2019 16:03
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun barəsində çıxarılan bəraət hökmündən Baş Prokurorluq apelyasiya protesti verib.

Teleqraf.com xəbər verir ki, prokurorluq Bakı Ağır Cinayətlər Məhkəməsinin Məsud Əhmədov barədə çıxardığı hökmün ləğv edilməsini, ittihamedici hökmün çıxarılmasını tələb edib.

Protestin araşdırılması üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayətin araşdırılması hakim Elmar Rəhimovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası fevralın 14-nə təyin edilib.

İttihama görə, podoratçi şirkətin rəhbəri olan Məsud Əhmədov 3 nəfər şəxsə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.

Belə ki, o, zərərçəkmiş Faiq Cəfərovun 255 min 600 dollar, Cəfər Cəfərzadənin 43 min manat və “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun isə 1 milyon 35 min 597 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə istintaqı dövründə Məsud Əhmədov özünü təqsirli bilməyib.

Xatırladaq ki, Cahangir Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.

Cahangir Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədov da bir mənzili təkrarən sataraq dələduzluq etməkdə təqsirli bilinirlər.

Hər iki şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.


Müəllif: Hacı Zeynalov