Şabran rayonunda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 15-nə təyin edilib.
İttihama görə, ötən il iyulun 9-da Şabran rayon sakini Ağayəhya Abbasov həmyerlisi, 1970-ci il təvəllüdlü Rəşid Əhmədova ürək nahiyəsindən 2 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Qətl hadisəsinin baş vermə səbəbi ilkin olaraq şəxsi münaqişə olub.
Rəşid Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu ata evinə qaytarıb.
Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən müddət sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən ata evinə qayıdıb.
Bundan sonra Ağayəhya Rəşidin 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu qapısına çağıraraq bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Ağayəhya Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.