26 Aprel 2019 15:10
3 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun evində və ətrafında aparılan əməliyyat tədbirləri məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, sabiq nazirin köməkçisi olmuş Vüqar Mahmudov və onun ailə üzvlərinin yaşadığı ünvanlarda axtarış aparılan zaman götürülmüş qızıl-zinət əşyalarının tərkibi və qiyməti müəyyən olunub.

Vüqar Mahmudovun evindən götürülmüş qızıl əşyalarının ümumi qiyməti 32.319,6 manat təşkil edib. Həmin qızıl əşyalarının son 15-20 il ərzində istehsal olunduğu müəyyən olunub.

2015-ci il noyabrın 5-də Vüqar Mahmudovun yaşadığı mənzildə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 7600 manat aşkar edilib. Həmin pul 11 noyabr 2015-ci il tarixli qərarla Baş Prokurorluğun mühasibatlığında depozitə qoyulub.

Bundan başqa, Vüqar Mahmudovun evindən çoxlu sayda mülklər, şirkətlərə aid rəsmi sənədlər aşkar olunub.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov