23 May 17:20
297

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə təyin olunan prosesə Vüqar Mahmudov gətirilməyib.

Vüqar Mahmudovun gətirilməməsinə səbəb məhkəmə tərifindən onun saxlanıldığı istintaq təcridxanasına məktub ünvanlamaması olub.

Növbəti proses iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, Vüqar Mahmudovun bundan əvvəl də mayın 15-nə təyin olunan məhkəmə baxışı iclası məlum olmayan səbəblərdən təxirə salınıb.

Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mayın 1-də keçirilib. Mayın 15-də isə məhkəmə istintaqı başlanılmalı idi.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Vüqar Mahmudovun barəsində 2017-ci ilin noyabrın da həbs edilib.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Bunlar iş adamları - Sahib Qurbanov, Elşən Tağıyev, Maqsud Mahmudov, Tural İsgəndərli, Zaur Əzimov, Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədov, onun oğlu Şövqü Əhmədovdur.

Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.

Zaur Əzimov ümumilikdə 320 min, Sahib Qurbanov isə 100 min manat məbləğində mülki iddianı məhkəməyə təqdim ediblər.


Müəllif: Hacı Zeynalov