7 İyun 2019 12:28
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunan “Realliq.info” və digər “reket” informasiya saytlarının baş redaktoru İkram Rəhimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, İkram Rəhimovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti proses iyunun 12-də davam edəcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov oktyabrın 26-da həbs edilib.

Qeyd olunub ki, “Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirir ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İstintaq orqanı tərəfindən İkram Rəhimovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər