Bakıda iki nəfəri öldürməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü İlqar Xancanovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, İlqar Xancanovun cəzanın müddətli cəza ilə əvəz olunması barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Xancanov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyulun 15-də İlqar Xancanov Şüvəlan qəsəbəsində yerləşən bağ evinin sahibi Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb.
Dilarə Əhmədova aldığı xəsarətdən hadisə ölüb. Arzu Şuşalı isə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, hadisədən bir neçə ay sonra Arzu Şuşalı da vəfat edib.
Cinayəti törədən İlqar Xancanov polis əməkdaşları tərəfindən yaxalanıb.
Məlum olub ki, dəhşətli qətl hadisəsi paytaxtın Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində qeydə alınıb.
Həmin bağ evində mühafizəçi işləyən İlqar Xancanov bağ evinin sahibi Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Hadisəni törədən şəxs izi itirmək üçün əri avtomobilə mindirib, qadının meyitini də maşına qoyub. Çox keçməyib ki, həmin avtomobili polis əməkdaşı saxlayıb.
Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli apardığı onların diqqətini çəkib.
Yol polisi əməkdaşları maşına "saxla" əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyi ilə maşını saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Maşında qan içində iki nəfərin olduğu aşkarlanıb. Dərhal sürücü saxlanılıb. Maşında olan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Arzu Şuşalı isə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb, həyat yoldaşını qətlə yetirən onların bağ evlərində işləyən mühafizəçi İlqar Xancanovdur. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.
Məlum olub ki, bağ sahibi hadisədən əvvəl İlqar Xancanovu işdən çıxarıb. Bundan əsəbiləşən İlqar Xancanov ağır cinayəti törədib.
İstintaq orqanı tərəfindən İlqar Xancanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Arzu Şuşalı əməkdar həkim idi.