Bakıda “İnstagram” sosial şəbəkəsində tanış olaraq silsilə oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən həyəcan siqnalı daxil olub.
Dərhal Sabunçu Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən “Moskviç-21406” markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb. Avtomobilin sürücüsü və maşında olan 4 nəfər marketə oğurluq məqsədi ilə daxil olduqlarını etiraf ediblər.
Onların avtomobilindən və üzərlərindən mağazadan oğurladıqları maddi sübutlar aşkar edilərək götürülüb. Həmçinin dəstə üzvlərindən saxta üsulla hazırlanan üzərində polisə dəstək yazılan vəsiqələr, müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakinləri Sakit Əkbərov, Əfqan Abıyev, Xızı Rayon sakini Fərid Əhmədzadə və yetkinlik yaşına çatmayan daha bir nəfər olduğu müəyyən edilib.
Həmçinin dəstə üzvlərinin oğurluğa gedən zaman istifadə etdiikləri avtomobilin sürücüsü paytaxt sakini Əliəşrəf Fətdahov da məsuliyyətə cəlb edilib.
Saxlanılan şəxslər ifadələrində “İnstagram” sosial şəbəkəsində yaradılan müxtəlif qruplarda tanış olduqlarını və əvvəlcədən razılaşaq paytaxt ərazisində oğurluqlar etdiklərini bildiriblər.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri, həmçinin dəstə üzvlərinin digər əlaqələrinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.