Bakıda çay evində qətl törətməkdə təqsirli bilinən Sənan Həsənov və Asim Muxtarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlə Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 6-na təyin edilib.
Qeyd edək ki, bu il fevralın 3-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki "Kabinet" çay evində Sənan Həsənov və Asim Muxtarov orada işləyən 1993-cü il təvəllüdlü Sahil Əlizadəni bıçaqlayaraq qətlə yetiriblər.
Hadisə hesab üstündə yaranan mübahisə zəminində baş verib.
İstintaq orqanı tərəfindən Sənan Həsənov və Asim Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.