6 Avqust 2019 12:10
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə hazırlıq iclasının qərarı açıqlanıb.

Məhkəmə baxışı avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən hazırlıq iclasında çıxış edən prokuror cinayət işi ilə tanış olmadığını deyib. O, hazırlıq iclasının vaxtının dəyişdirilməsini, cinayət işi ilə tanış olması üçün ona vaxt verilməsini istəyib. Hakimlərdə bu səbəbdən hazırlıq iclasını təxirə salmışdılar.

Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs ediliblər.

Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin edib.

Həmin şəxslərlər vasitəsi ilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

İstintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər