8 Avqust 2019 11:42
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müştərilərin bank hesablarından pul oğurlamaqda təqsirləndirilən Fuad Hüseynov və Şahin Əhmədlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə xarici ölkələrdə yerləşən müxtəlif bankların müştərilərinin şəxsi hesablarına qanunsuz müdaxilə olunduğu, həmin hesablardan külli miqdarda pulun oğurlanaraq başqa kartlara transfer edildiyi və ölkəmizdə nağdlaşdırıldığı barədə məlumat daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov və Mingəçevir şəhər sakini Şahin Əhmədli saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, Fuad Hüseynov və Şahin Əhmədli xarici ölkələrdə yerləşən bankların müştərilərinin bank kartlarından ümumilikdə 178.000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq öz şəxsi hesablarına köçürüblər.

Bundan sonra pullar dəstə üzvləri tərəfindən nağdlaşdırılıb.

Baxış zamanı saxlanılan şəxslərin yaşadıqları mənzillərdən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Həmin texniki avadanlıqlara baxış keçirilən zaman onların yaddaşlarından xarici ölkə vətəndaşlarına məxsus bank hesabları və kartların məlumatları da aşkar olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər