8 Avqust 2019 15:08
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun barəsində olan məhkəmə hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 14-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Hümmətov 5 il, Fuad Məmmədzadə 15 il, Elnur Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid Alxazov 5 il azadlıqdan məhrum edilib. Elnur Əsirova isə bəraət hökmü çıxarılıb.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş narkotik ittihamına bəraət verilib.

Xatırladaq ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Abbas Hümmətovun 14 il 9 ay, Fuad Məmmədzadənin 15 il, Ramil Əsirovun 15 il, Elmir Alxasovun 15 il, Elnur Əsirovun 14 il 9 ay və Cavid Alxasovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Həmçinin zərərçəkmiş tərəfdə eyni tələblə apelyasiya şikayəti verib.

Təqsirləndirilən şəxslər də hökmdən narazı qalıb və ayrı-ayrılıqda apelyasiya şikayəti veriblər. Onların bəziləri bu cinayətlə əlaqlə olmaqlarını, barələrində bəraət hökmünün çıxarılmasını, bəziləri isə cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Bakı Apelyasiya Məhkəməsi bir müddət əvvəl bu şikayətləri araşdırıb və təmin etməyib.

Ali Məhkəmə Baş Prokurorluğun kasasiya protestini təmin edib və Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib.

İşin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. İş materialları Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

İttihama görə, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasın deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər