4 Sentyabr 2019 16:07
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını qətlə yetirməkdə təqsirli bilinən Ağamalı Xaləddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.

Söz ittiham nitqi söyləmək üçün prokurora verilib. O, çıxışa hazır olmadığını əsas gətirərək məhkəmədən vaxt istəyib. Buna görə proses sentyabrın 6-dək təxirə salınıb.

İttihama görə, qətl hadisəsi 2018-ci ilin oktyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun sovxozu adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib.

Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çoxlu qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb. Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib.

Araşdırma zamanı məlum olub ki, Ədil Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.

Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə Ağamalı Kərimovu saxlayıblar.

İlkin ifadəsində o, qardaşı ilə 3 toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zaman olduğunu etiraf edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər