Xırdalan şəhərində bacısının sevgilisini öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin barəsində olan hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Prokurorun təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması barədə verdiyi şikayət təmin olunmayıb.
Bundan başqa, zərərçəkmiş tərəfində eyni tələblə verdiyi şikayət rədd edilib.
Qeyd edək kİ, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
İstintaq orqanı tərəfindən Ələkbər Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 26.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilmişdi.
İttihama görə, ötən il iyun 28-də Xırdalan şəhərində Pərviz Həbibovun evində meyiti tapılıb. İlkin məlumatda onun infarktdan öldüyü qeyd olunub.
Abşeron rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı Pərviz Həbibovun həmin il iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini Nazilə Ağakişiyevanın qardaşı Ələkbər Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.
Ələkbər Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.
Pərviz Həbibov isə ANS telekanalının sabiq aparıcısı Pərvanə Sabirqızının qardaşıdır.