Səbail rayon Məhkəməsində gizli qumarxana təşkil edən Elşad Kərimov və Mahir Əsədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunublar.
Bu istiqamətdə keçirilən növbəti əməliyyat axtarış tədbirləri nəticəsində Səbail rayon Bayıl qəsəbəsində yerləşən kafedə “poker” kart oyunları təşkil olunması müəyyən edilib.
Araşdırmalarla məlum olub ki, obyekti Səbail rayon sakini, 31 yaşlı Elşad Kərimov kirayəyə götürüb və qumar oyunları təşkil edib. Elşad Kərimov tanışı, 52 yaşlı Mahir Əsədovu da ətrafına cəlb edərək qumar oyunlarına nəzarət etməyi ona tapşırıb.
Hər gün axşam saatlarından başlayan qumar oyunları gecə saatlarınadək davam edib və uduşdan əldə edilən pulların bir hissəsi obyekt sahiblərinə çatıb. Qumarxanaya baxış zamanı oyun kartları və qumar oyunlarına qoyulmuş külli miqdarda pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb. Qumar oyunlarında iştirak edən şəxslər, eləcə də oyunların təşkilatçılığında təqsirli bilinən 2 nəfər barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülüb.
Elşad Kərimov və Mahir Əsədovun barəsində Cinayət Məcəlləsinin 244-1.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanıb. Hakim Elşad Şamayev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı sentyabrın 17-nə təyin olunub.
Hacı Zeynalov