“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şamaxı filialı Nəzarət şöbəsinin müdiri vəzifəsində işləmiş Emil Bədəlov və filialın müştərisi olan Rafik Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Emil Bədəlov filialın müştərisi olan Şamaxı rayon sakini Rafik Xəlilovun Almaniya Respublikasına getmək üçün “Şengen VİZA” almaq məqsədilə Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edilməsi zəruri olan maliyyə vəziyyəti barədə arayışın əldə edilməsi ilə bağlı rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar qeyd edib.
Rafik Xəlilov Emil Bədəlovdan hesabında kifayət qədər pul vəsaitinin olmasına dair arayış verməsi barədə xahiş edib. O, Rafik Xəlilovun bank hesabında olan pul vəsaitləri barədə rəsmi sənəd sayılan məzmununa bilə-bilə yalan məlumatlar daxil edib, hazırladığı arayışları sonuncuya təqdim edib.
İstintaq orqanı tərəfindən Emil Bədəlovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Rafik Xəlilov isə Cinayət Məcəlləsinin 32.4, 308.1-ci (iştirakçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə) 32.4, 313-cü (iştirakçılıq, vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən bil-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Şamaxı rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1000 manat cərimə olunub. Emil Bədəlovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə, Rafik Xəlilovun isə ittiham olunduğu Cinayət Məcəlləsinin 32.4, 313-cü maddələri üzrə ittihama xitam verilib.
Hökmdən narazı qalan Emil Bədəlov apelyasiya şikayəti verib. O, əməlində cinayət tərkibi olmadığını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən Rafik Xəlilov da apelyasiya şikayəti verib.
Onların ikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Emil Bədəlovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi hökmdən xaric edilib. Onun əməli Cinayət Məcəlləsinin 313-cü maddəsinə tövsif edilib. Həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçidiyini əsas gətirən hakim heyəti onun barəsində olan cinayət işi üzrə icraata xitam verib.
Digər təqsirləndirilən Rafik Xəlilovun da təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.4,308.1-ci maddəsi hökmdən xaric edilib. O, Cinayət Məcəlləsinin 32.4,313 və 320.2-ci maddəsi ilə təqsirli bilinib. Həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçidiyi üçün Rafik Xəlilovun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.