İmişli rayonunda qadının ölümü ilə bağlı ağır cinayəti bilib gizlətməkdə təqsirli bilinən Anar Surxayzadə və Hikmət Calalzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hər iki şəxsin cinayət işi İmişli rayon Məhkəməsinə göndərilib.
İş hakim Ülvi Qənbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.
İttihama görə, ötən il aprelin 13-də İmişli rayon Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Vahidə Məmmədova qətlə yetirilərək Araz çayının sahilinə atılıb.
Meyiti morqa gətirən 1994-cü il təvəllüdlü Qulubəyli kənd sakini Anar Surxayzadə də bıçaqlanıb. Qadını rayonun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Orman Seyidov qətlə yetirib. Meyiti gətirən sürücü Anar Surxayzadəni isə qətlə yetirilmiş qadının əri Ümidvar Məmmədov bıçaqlayıb.
İstintaq araşdırması zamanı baş verən bu dəhşətli hadisənin təfərrüatı məlum olub.
Hadisəni törədən İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Orman Seyidov həmin gün həmkəndliləri – 1995-ci il təvəllüdlü Hikmət Cəlalzadə və Anar Surxayzadə ilə sonuncuya məxsus “Mercedes-BENZ”markalı, 99 CF 146 dövlət nömrə nişanlı avtomobilə 2018-ci ilin noyabr ayında tanış olduğu Validə Məmmədovanın qaynı arvadı 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşə gəlib.
Orman Seyidov onunla birgə gələn Hikmət Cəlalzadə və Anar Surxayzadədən Ayşənin işlədiyi mağazaya nəzarət etmələrini və əgər o, evə gələrsə bu barədə ona xəbər vermələrini xahiş edib.
Daha sonra Orman Seyidov Ayşən Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olarkən Validə Məmmədova onları bir yerdə görüb.
Validə Məmmədova həmin vaxt mobil telefondan onun əri Elman Məmmədova zəng edərək məlumat vermək istəyib.
Bunu görən Orman Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə Ayşən Məmmədovanın həyətdən gətirdiyi taxta parçası ilə Validənin boyun və baş nahiyələrinə zərbələr endirib.
Qadının həmin zərbələrdən ölmədiyini görən Orman Seydov əynindəki gödəkçə ilə onu boğaraq qətlə yetirib.
Sonra isə meyiti Ayşən Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub, yoldaşları Hikmət Cəlalzadə və Anar Surxayzadəyə zəng edərək avtomobili həmin evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib.
Orman Seyidov Hikmət Cəlalzadə ilə köməkləşərək meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər. Sonra isə meyiti Araz çayının üzərindən keçən körpüdən çaya atıblar.
İmişli rayon polis şöbəsinin əməkdaşları Orman Seyidov, Hikmət Cəlalzadə, Anar Surxayzadə və Ayşən Məmmədovanı saxlayıb.
İstintaq orqanı tərəfindən Hikmət Cəlalzadə və Anar Surxayzadənin barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, cinayət işi üzrə adı keçən Orman Seyidov və Ayşən Məmmədovanın işi ayrıca icraata götürülüb. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Onların cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, Anar Surxayzadəni bıçaqlayan Ümidvar Məmmədova da ittiham elan edilib. Onun da işi baxılması üçün məhkəməyə göndərilib.
Yaxın günlərdə bu dəhşətli cinayət işi üzrə ayrı-ayrı icraatlarda məhkəmə prosesləri başlanacaq.