Kürdəmir rayonunda həmyerlisinə qarşı xuliqanlıq etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Qismət Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Ayaz Əhmədov həmyerlisi Qismət Süleymanova əvvəllər kömək məqsədilə bir neçə dəfə pul verib.
Hadisə baş verən günü Qismət Süleymanov Ayaz Əhmədovun yaşadığı evə gəlib, həyətə çatan kimi onu ucadan çağırıb.
Səsə Ayaz Əhmədovun atası Niyaz Əhmədov evdən çıxıb, ondan gəlişinin səbəbini soruşub. Qismət ona oğlu Ayaz Əhmədovdan kömək üçün pul istədiyini, o da bu haqda orda-burda danışdığını bildirib.
Niyaz Əhmədov onu sakitləşdirib, oğlunun səhvi varsa, danlayacağını söyləyib. Qismət atayla da mübahisə edib və nalayiq sözlər işlədib.
Daha sonra Qismət Süleymanov özü ilə gətirdiyi bıçaqla Niyaz Əhmədova xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Qismət Süleymanovun barəsində Cinayət Məcəlləsinin 221.3-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Qismət Süleymanovun əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilib, ona 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.