30 Yanvar 2020 23:18
1 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il iyunun 7-i saat 12 radələrində 8-ci polis bölməsinin əməkdaşları Səbail rayonu Arif İsmayılov küçəsi, 22 ünvanında üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı öldürülən şəxsin 38 yaşlı Kəmalə Mikayılova olduğu məlum olub.

Həmin ərəfədə bölməyə “Neftçi Qurban” küçəsində bir nəfərin intihar etmək istəməsi haqda da məlumat verilib. Hadisə yerinə cəlb olunan polis əməkdaşları Fərhad Abuşov adlı şəxsin tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəməsinin şahidi olublar.

O, fikrindən daşınıb və yerə düşüb. Bölməyə aparılan Fərhad Abuşov təxminən bir saat əvvəl sevdiyi qadını bıçaqladığını etiraf edib. Dindirilmə zamanı Fərhad 2004-cü ildə xalası qızı Aynurə ilə evləndiyini və bu nikahdan üç övladının olduğunu deyib.

O, Ağsu rayonun Rəhimli kəndində qeydiyyatda olsa da, Bakıda Səbail rayonunda kirayədə yaşayıb. 2016-cı ilin yanvar ayında sosial şəbəkədə Kəmalə Mikayılova ilə tanış olub. Sonra bir-birinə telefon nömrələrini verərək yazışmağa başlayıblar. Kəmalə ona ailəli və üç övladı olduğunu deyib. Qadın Fərhadın şəkillərini görəndən sonra ondan xoşu gəldiyini və bir müddət sonra sevdiyini deyib. Tanış olandan 15 gün sonra Bayıl qəsəbəsində görüşüb, Masazır qəsəbəsində yerləşən otelə gediblər.

2018-ci ilin yay aylarında Fərhad rayonda olarkən yoldaşı onun telefonunda Kəmalənin şəkillərini görür və aralarında söz-söhbət yaranır. Bundan sonra Kəmalənin də ailə üzvləri onların münasibətlərindən xəbər tutur, telefonunu əlindən alırlar. Sevgilililərin görüşü üç ay mümkün olmasa da, daha sonra gizli görüşməyi bacarıblar.

Fərhad yoldaşı Aynurə ilə boşandıqdan sonra, mayın 31-də sevgilisi ilə görüşür. Bu zaman o, Kəmaləyə artıq ailəsinin dağıldığını və onunla evlənmək istədiyini bildirir. Lakin Kəmalə ərinin onu bağışladığını, uşaqlarına görə boşana bilməyəcəyini deyir.

İyunun 7-i səhər saat 8 radələrində yenə də söhbət etmək üçün Kəmalənin yaşadığı Bayıl qəsəbəsinə gedən Fərhad, Kəmalə evdən çıxdıqdan sonra ona yaxınlaşır. Birlikdə işıq yarımstansiyasının yanına gəlirlər. Kəmalə Fərhada ayrılmaq lazım olduğunu, ərinin qısa müddətə Rusiyadan gələcəyini bildirir.

Fərhad isə Kəmalədən nə üçün onu aldatdığını, ona görə ailəsinin dağıldığını və qohumları içində rüsvay olduğunu deyəndə, Kəmalə yenidən təkidlə ayrılmalı olduğunu qeyd edir. Bundan əsəbiləşən Fərhad üzərindəkı bıçaqla Kəmalənin döş qəfəsinə və kürək nahiyəsinə dəfələrlə zərbələr endirir. Kəmalə qışqıraraq yola tərəf qaçanda Fərhad hadisə yerindən uzaqlaşaraq “Bayıl Bazarı” istiqamətinə gedir. Sevgilisinin öldüyünü düşünür və yeni tikilinin qaldırıcı kranına çıxıb özünü ordan atmaq istəyir.

Zərərçəkmişin qardaşı Kamil Heydərov ifadəsində Kəmalənin yoldaşının işləri ilə əlaqədar bir ildir ki, Rusiyanın müxtəlif vilayətlərində olduğunu deyir. Fərhad Abuşovu da elə son bir ildə tanıyıb. Fərhad hansısa vasitə ilə onların qardaşı Elşadın tikinti-təmir ustalarından ibarət işçi qrupuna işə düzəlib. Elşadın da bacısı ilə Fərhad arasında olan münasibətlərindən xəbəri olmayıb.

2018-ci ilin mayında Kəmalə qardaşı Elşada əvvəllər münasibətdə olduğu Fərhadın ondan əl çəkmədiyini, hədə-qorxu gələrək görüşməyə məcbur etdiyini bildirir. Bundan sonra Elşad bacısı Kəmaləni Fərhadla görüşməyə qoymur, Fərhadla da danışıb, bu məsələyə artıq son qoymağı tələb edir. Lakin Fərhad əməlindən əl çəkmir, Kəmalə ilə çəkdirdiyi şəkilləri onlara və Kəmalənin ərinə göndərməyə başlayır.

Bu məsələ ilə əlaqədar Kəmalənin qardaşı Qaradağ Rayon Polis İdarəsinə müraciət edir. Hadisədən bir ay əvvəl Fərhadla görüşüb, Kəmalədən əl çəkməsini və ailəsini dağıtmamasını bildirir. Lakin Fərhad iyunun 7-də Kəmaləni bıçaqlayaq öldürür.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Abuşov 13 il müddətinə azadlıqdan məhrum olunub.

/Baku.Tv/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər