28 Fevral 2020 15:20
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini F.Qarayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Füzuli rayon sakini V.Novruzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 24 qrama yaxın heroin aşkar edilib.

V.Novruzova narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Rəsulov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 250 qramdan artıq heroin, 2 qram metamfetamin, 1 ədəd elektron tərəzi, evindən isə 2 kiloqram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, pğurluq etdiyinə görə tutulmuş İ.Məmmədovun ətrafında Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsində araşdırma aparılır.

Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2 nəfərlə birgə rayon ərazisində vətəndaşlara məxsus 7 avtomobildən oğurluq etməsi müəyyən edilib.

Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində vətəndaşlara məxsus 9 avtomobildən və 2 evdən pul və məişət əşyaları oğurlamaqda, habelə S.İsmayılova qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Həsənov saxlanılıb.


Müəllif: Hacı Zeynalov