18 Mart 2020 12:35
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qız üstündə bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Nurlan Abdullazadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Nurlan Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti ilə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, hadisə ötən ilin martın 6-da Nəsimi rayonunda yerləşən "Qış Parkı" kimi tanınan ərazidə baş verib. 19 yaşlı Muradəli Eyvazov sevdiyi qıza görə 4 nəfərlə əlbəyaxa dava edib. Davaya Muradəli Eyvazovun qohumu, 22 yaşlı Sübhan Nəsirov da müdaxilə etməli olub. Lakin mübahisə qanlı sonluqla bitib.

Muradəli Eyvazov və Sübhan Nəsirov bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanıb. Hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Nurlan Abdullazadə həbs edilib.

Məlum olub ki, Nurlan Abdullazadə və bir neçə dostu "Qış Parkı"nda gəzişiblər. Bu zaman onlardan biri Muradəli Eyvazovun yanında olan qıza söz atıblar. Bundan əsəbləşən Muradəli Eyvazov onlara hücum edib. Mübahisəyə qohumu Sübhan Nəsirov da qoşulub.

Dava zamanı Nurlan Abdullazadə bıçağa əl atmalı olub.

İstintaq orqanı tərəfindən Nurlan Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər