Karantin rejimini pozan şəxslərdə narkotik vasitə də aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakinləri olan Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai H-1” markalı nəqliyyat vasitəsi ilə Bakı-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu Gəndov kəndi ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Məlum olub ki, həmin şəxslər icazə sistemi vasitəsi ilə ərzaq almaq üçün 2 saatlıq icazə alaraq istirahət etmək məqsədi ilə şimal bölgəsinə gəlmək istəyiblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib.
Bu zaman həmin nəqliyyat vasitəsində gizlədilən saxlanılan şəxslərə məxsus ümumilikdə üç kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.
Bundan başqa, Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən Emil Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, polis .öbəsinə gətirilib.
Şəxsi axtarış zamanı E.Cavadzadədən 1 ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.